Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır millət vəkili, milliyətcə azərbaycan türkü olan Sinan Oğan Bahçeşehir universitetində çıxış edərkən hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, MHP rəhbərliyi ilə neçə vaxtdır münaqişədə olan Sinan Oğan çıxışında Türkiyədə apreldə keçiriləcək referenduma çıxarılmış konstitusiya düzəlişləri barədə danışarkən zaldan bir nəfər gənc “Hərəkatın lideri Dövlət Baxçalıdır” deyərək ona hücum çəkib. Həmin şəxs Sinan Oğanı döyməyə çalışarkən təhlükəsizlik xidməti əməkdaşları onu zərərsizləşdirib. Sinan Oğan çıxışını Periscope-dən canlı yayımladığı üçün ona hücum anları da canlı yayımda göstərilib.
İnsidentdən sonra Sinan Oğan yenidən kürsüyə qayıdıb.
Qeyd edək ki, Sinan Oğan bir müddət əvvəl MHP-dən xaric edilmişdi. Lakin sonradan Sinan Oğan məhkəmə yolu ilə yenidən partiyaya bərpa olunub.