İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Ərəb Dövlətləri Liqasına üzv ölkə başçılarının İranla bağlı birgə bəyanatına sərt reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qasimi bununla bağlı jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, Ərəb Dövlətləri Liqası dostla düşmənin yerini səhv salmamalıdır: “İranın digər ölkələrin daxili işlərinə qarışmağa ehtiyacı yoxdur. Bunu biz əvvəllər də dəfələrlə bildirmişik. İran həmişə öz qonşuları ilə dinc yanaşı yaşamaq prinsipinə və digər ölkələrin hakimiyyətinə ehtiramla davranmaq qaydalarına riayət edib, ona sadiq qalıb.
İranın üç adası ilə bağlı səsləndirilən təkrar bəyanatlara gəlincə, bu adalar həmişə İranın olub və olacaq da. Bu barədə səslənən yalan və təkrar iddialar tarixi gerçəkliyi dəyişməyəcək. Biz isə ərəb ölkələrinin vaxtaşırı keçirdiyi iclaslarda iranlı adalarla bağlı irəli sürülən bu kimi iddiaları ölkəmizin daxili işlərinə qarışmaq kimi qiymətləndirir, onu kəskin pisləyirik”.
Qeyd edək ki, martın 29-da Ərəb Dövlətləri Liqasının İordaniyada növbəti sammiti keçirilib. Toplantının sonunda qəbul edilən birgə bəyanatın İranla bağlı hissəsində rəsmi Tehran region ölkələrinin daxili işlərinə qarışmaqda və terrprizmə dəstəkdə günahlandırılıb. Bəyanatda həmçinin, hazırda İranın nəzarətində olan 3 mübahisəli adanın, yəni Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adalarının Birləşmiş Ərəblər Əmirliklərinə qaytarılması tələb edilib.
Samir