Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, uşaq vaxtından bir-birini sevən 42 yaşlı Herman Zapp ilə 40 yaşlı Kandelariya Zapp 1996-cı ildə ailə həyatı qururlar.
Ailə həyatı quran kimi işlərini buraxıb dünyanı gəzməyə qərar verirlər. 1928-ci il istehsalı olan Graham-Paige 610 model maşın alırlar və 2000-ci ildə Alyaskaya getmək üçün Argentinadan yola çıxırlar. Evdən ayrılanda 6 aylıq nəzərdə tutduqları səyahət düz 4 il çəkir. Evlərinə dönən Herman ilə Kandeleriya sadəcə bir neçə həftə evlərində qala bilirlər. Evlərində sıxılan cütlük artıq, səyahətin onlar üçün həyat tərzi olduğunu anlayırlar və təkrar səyahət üçün yola düşürlər.
Səyahətin ailəyə əngəl olmadığını görən cütlük, uşaq dünyaya gətirməyə qərar verirlər. Hər biri ayrı ölkədə dünyaya gələn 4 uşağa sahib olurlar. Ən böyük uşaqları 14 yaşlı Pampa ABŞ-da, 11 yaşlı Zeyu Argentinada, 9 yaşlı Paloma Kanadada və 7 yaşlı sonbeşik Uallabi Avstraliyada dünyaya gəlir.
İndiyə kimi, 6 qitə, 72 ölkə qəzən ailə maksimum saatda 60 km sürəti olan köhnə maşınları ilə səyahət edirlər. Maşınları xarab olanda mühəndis olan ata Herman özü təmir edir. Ailə səyahət pulunu səyahət etdikləri yerlərdə müxtəlif festival və tədbirlərdə çıxışlar edərək qazanır. Bundan başqa, cütlüyün “Xəyalını hərəkətə keçir” adlı kitabları da var. Həmçinin, ana Kandeleriya rəsmlər çəkə bilir və çəkdiklərini səyahət etdikləri ölkələrdəki müxtəlif sərgilərdə sataraq pul qazanır.
Eyni zamanda, Argentina hökuməti bu ailəyə uşaqlarının təhsili üçün müəyyən məbləğdə maddi yardım göstərir. Ailə səyahət ərzində uşaqlarının təlim-tərbiyəsi yəni, “səyyar məktəbi” ilə məşğul olur.
İlhamə Əbülfət