Teleqraf.com-un xəbərinə görə, bu haqda “Amerikanın səsi” radiosunun Asiya ofisi bildirib. Bildirilir ki, Rusiyanın 2017-ci ilin ilk 4 ayında Şimali Koreyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.
Rusiya gömrük xidmətinin məlumatlarına görə, rəsmi Moskva yanvar və fevral aylarında Şimali Koreyaya 2,3 milyon dollar dəyərində neft və neft məhsulları satıb. 4100 tonluq ixracatın 96 faizini ağır yanacaq, motor yağı və yağ kimi neftdən törəmə məhsullar təşkil edib.
Qeyd olunur ki, xam neft və işlənmiş neft məhsulları, təyyarə yanacağı xarici sanksiyalar siyahısında yer almır. BMT sanksiyalarına əsasən, yalnız təyyarə yanacağının kömək məqsədilə ölkəyə daxil olmasına icazə verir.
Mütəxəssislərin fikrincə, Pxenyanın neft məhsulları almaq üçün üzünü Moskvaya çevirməsinin səbəbi ona qarşı tətbiq edilən sanksiyaların təzyiqini daha çox hiss etməsi ilə bağlıdır.
Qeyd edək ki, Şimali Koreya neft məhsulları baxımından Çindən asılı ölkədir. ABŞ son aylar rəsmi Pekindən Pxenyan rəhbərliyinə nüvə proqramı və ballistik raket sınaqlarını dayandırması üçün nüfuzundan istifadə etməyi təşviq edir. Artıq Çin yaxın dövr üçün Şimali Koreyaya gömür satışına məhdudiyyətlər tətbiq etməyi nəzərdə tutur. Rəsmi Pekin neft satışlarına da məhdudiyyət qoyarsa, Pxenyan bu sahədə Rusiyaya daha çox üz tutmalı olacaq.