28 İyul 2017 17:04
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İranın Ərdəbil şəhərində “Səfəvilər və əhli-beyt məktəbi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

QAT-dan Teleqraf.com-a verilən məlumata görə, konfransa Azərbaycandan Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, hüquqşünas Elçin Qəmbərov, araşdırmaçı jurnalist Arzu Abdulla da qatılıblar. Konfransda İran, Azərbaycan, Türkiyə, Pakistan və digər ölkələrdən rəsmi şəxslər, QHT nümayəndələri, tədqiqatçılar iştirak ediblər.

Konfransın təşkilat komitəsinin sədri, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili, tədqiqatçı alim Şərifi, vilayətin mədəniyyət idarəsinin müdiri Seyid Nasir İsaqi, ictimai xadim Seyid Səccadi çıxış edərək iştirakçıları salamlayıb, konfransın məqsədləri ilə bağlı məlumat veriblər.

Seyid Həsən Amili Səfəvilərin islamın inkişafı, region ölkələrinin birliyi üçün əhəmiyyətini qeyd edib, xüsusi olaraq bu gün İran, Türkiyə və Azərbaycanın dost münasibətlərinin vacibliyini vurğulayıb, o cümlədən Qarabağın işğaldan azad edilməsi üçün bu ölkələrin birgə fəaliyyətinin əsas amil olduğunu göstərib.

İranın ali dini liderinin müşaviri, sabiq Xarici İşlər naziri, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Vilayəti konfransda geniş məruzə ilə çıxış edib, Səfəvilərin dövlətçilik və islam dini üçün gördükləri işlərdən danışıb, o vaxt yürüdülən siyasətin mahiyyətini şərh edib. O, xüsusi olaraq qeyd edib ki, Səfəvilər mükəmməl quruluşlu dövlət sistemi yaratdılar, əhli-beyt məktəbini inkişaf etdirdilər, elm, təhsil, yazılı ədəbiyyatın inkişafı üçün münbit şərait yaratdılar. Sonra digər iştirakçılar çıxış ediblər.

Azərbaycandan Akif Nağı, Rövşən Əhmədli, Elçin Qəmbərov həm konfransın gedişində, həm də İran və Türkiyə mediasına açıqlamalarında Səfəvilər dövrünün öyrənilməsinin vacibliyi, həmin dövrdə Qarabağın vəziyyəti, indiki şəraitdə Qarabağın azadlığı naminə görülməli olan birgə işlərə diqqəti cəlb ediblər.

A.Nağı bildirib ki, Qarabağın azadlığına Azərbaycan öz gücü ilə nail olacaq, Azərbaycanın haqq işinə Türkiyə, İran, Pakistan kimi ölkələrin dəstəyi həlledici əhəmiyyətə malikdir.

Azərbaycanlı nümayəndələr həmçinin Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili ilə ayrıca görüşüb, Qarabağ məsələsi və digər məsələlərlə bağlı fikirlərini çatdırıb, Qarabağa dair kitab və diskləri ona təqdim ediblər. Nümayəndə heyəti, həmçinin, İran və Türkiyənin konfransa qatılmış təşkilat və media nümayəndələri, elm adamları ilə görüşərək, Qarabağın azadlığı naminə əməkdaşlıq imkanlarını müzakirə ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər