Bu fikirləri Teleqraf.com-a İraqın Regional İnkişaf naziri, Türkmən Xalq Partiyasının sədri Turhan Müftioğlu deyib.
İraq hökumətnin nümayəndəsi bildirib ki, türkmənlərin vəziyyəti heç də yaxşı deyil:
“Türkmənlər ağır durumdadır. Bir yandan İŞİD-in işğalı altında olan türkmən torpaqları, digər yandan türkmənlərin olduğu yerlərdə təhlükəsizlik problemi var. Türkmənlərdən də çoxlu sayda insanlar qaçırılıb. Türkmənlərin ərazisi işğal altındadır. Bir sözlə, türkmənlərin vəziyyəti heç də yaxşı deyil. Biz çalışırıq ki, gələcəkdə türkmənlərin taleyi daha yaxşı olsun. Bunun üçün də səy göstəririk”.
İraqlı nazir sentyabrda Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirmək planları barədə də danışıb.
Deyib ki, onlar Türkmən Xalq Partiyası olaraq İraq dövlətinin birlik və bərabərlik içində olması mövqeyindən çıxış edirlər:
“İraqın parçlanmasının əleyhinəyik və bunu etmək istəyənlərlə birlikdə deyilik. Hazırda İraqda gələcəyə böyük ümidlər mövcuddur. İraq problemləri geri qoyaraq istiqlala doğru addımlayır. Dolayısı ilə türkmənlər olaraq biz Kürdüstanın referendum məsələsinə müsbət yanaşmırıq. Əksinə, İraqın ərazi bütövlüyü, birliyi və bərabərliyi haqqında düşünürük”.