Vaşinqton ABŞ Prezidenti Donald Trampın Əfqanıstan strategiyası çərçivəsində “Taliban” hərəkatını tutduğu ərazilərdən məhrum etməyi, həmçinin, Əfqanıstan ordusunun döyüş hazırlığını möhkəmləndirməyi planlaşdırır.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Röyter” agentliyi yüksək çinli amerikalı məmura istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, əməliyyatın uğuru Əfqanıstan hakimiyyətinin, “Taliban”ın və digər qruplaşmaların nə qədər çox və məhz hansı ərazilərə nəzarət etməsindən asılı olacaq.
Prezident Administrasiyasının rəsmisi deyib ki, bu, həmçinin, “Əl-Qaidə” və İŞİD-in yaraqlılarının sayından, gücündən, hansı təlim düşərgələrinin olmasından, maliyyə şəbəkələrindən asılıdır.
O, əlavə edib ki, strategiyanın reallaşdırılması əfqan ordusunun effektivliyindən az asılı deyil.
Qeyd edək ki, avqustun 21-də Donald Tramp Əfqanıstanla bağlı yeni strategiyasını açıqlayıb. Amerika lideri strategiyanın hərbi aspektləri barədə danışmaqdan imtina edib. Ancaq Əfqanıstandan qoşunların tezliklə çıxarılmayacağını bildirib.