8 Sentyabr 2017 11:00
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 6-da baş verən X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılan Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, dünən axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, hazırda günəş plazma küləyinin sürəti 726 km/san-dir: “Güclü geomaqnit həyəcanlanması hələ bir neçə gün davam edəcək. Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 8-dir (maksimum 9 olur). Yaxın saatlarda G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir”.

Elçin Babayev bildirib ki, hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin şimal istiqamətinə yönəlməsi vəziyyətin daha dramatik olmasının qarşısını alır: “Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur: “Bu qruplar kifayət qədər böyükdür. Hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər (qətiyyən birbaşa baxmaq olmaz). AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki, (“beta-qamma-delta” adlanan ən mürəkkəb quruluş) bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən ən güclü rentgen X-sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50 faizə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75 faizdir)”.

Direktor müavini qeyd edib ki, geomaqnit qasırğaları baş verən günlərdə risk qrupuna daxil olan şəxslər – xroniki ürək-qan-damar xəstələri, ahıllar, uşaqlar gərginlikdən uzaq olmalıdırlar, qabaqlayıcı tədbirlər görülməlidir.

Elçin Babayev qeyd edib ki, bu dəfəki qasırğanın texnoloji sistemlərə də ciddi təsir göstərir: “Hətta R3 sinfinə mənsub radio donma qasırğası, digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər