Mənim Qarabağdakı separatçıların Tiflisdə sərgi açmasından məlumatım yoxdur. Ancaq sizi əmin edirəm ki, bu fərdi şəkildə ola bilər. Gürcüstan dövlət xətti ilə belə bir tədbirin təşkil edilməsi mümkün və arzuedilən deyil.
Bunu Teleqraf.com-a Gürcüstan parlamentinin deputatı, hakim Gürcü Arzusu Partiyasının funksioneri Mahir Dərziyev erməni apostol kilsəsinin Tiflisdəki “Ayartun” mərkəzində qondarma Dağlıq Qarabağ Respublikasından olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərginin açılamsını şərh edərkən deyib.
Mahir Dərziyev bildirib ki, Gürcüstanda ağlı başında olan heç kəs belə işə rəvac verməz:
“Ancaq hansısa fərdi xətlə bunu edə bilərlər. Nəzərə alın ki, Gürcüstan separatçılıqdan əziyyət çəkən ölkədir, üstəlik bütün məqamlarda Gürcüstan və Azərbaycanın mövqeləri üst-üstə düşür. Heç cür mümkün deyil ki, Gürcüstanın dövlət qurumları bu prosesdə iştirak etsin”.
Deputat deyib ki, bu məsələ ilə ciddi maraqlanacaq:
“Bizim icmanın nümayəmdələri, QHT-lər öz təpkilərini ortaya qoyacaqlar. Ancaq deyim ki, bu sərgidən Gürcüstan ictimaiyyəti ümumiyyətlə, xəbərsizdir. Tiflisdəki Azərbaycan Dövlət Teatrının baş rejissoru Namiq Hacıyev də bu sərgidən xəbərsizdir. Əgər bu tədbirin reklamı və ya piarı olsaydı, bundan xəbərimiz olardı. Ancaq bu məsələni araşdıracağıq”.
Xatırladaq ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tiflisdəki "Ayartun” mərkəzində qondarma Dağlıq Qarabağ Respublikasından olan 7 gənc rəssamın əsərlərindən ibarət "Dirçəliş” adlı sərgi açılıb. Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, "Tekeyan Mərkəzi” Fondu və "Şuşa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.
Sərginin rəsmi açılış mərasimində Tiflisdəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb.