Ər-Riyad şahmatın rapid və blitz növləri üzrə keçiriləcək dünya çempionatında iştirak etmək istəyən İsrailin 7 şahmatçısına viza verməyib.
Teleqraf.com "Röyter"ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti İsrael Gelfer məlumat verib.
Onun sözlərinə görə, israilli oyunçulara Səudiyyə Ərəbistanı tərəfindən viza verilməyib və verilməsi gözlənilmir.
İsrail Şahmat Federasiyasının mətbuat xidmətinin rəhbəri Lior Ayzenberq deyib ki, yarışda iştirak üçün idmançılara mane olunursa, bu, artıq dünya çempionatı deyil: “Hər bir şahmatçının milliyyətindən asılı olmayaraq öz professional bacarığı ilə bu turnirdə iştirak hüququ var”.
Ayzenberq İsrail Şahmat Federasiyasının FİDE barədə məhkəmə iddiası qaldıracağını istisna etməyib.
Qeyd edək ki, dünya çempionatı Səudiyyə kralı Salman ibn Əbdüləziz əl Suadın şərəfinə dekabrın 26-dan 30-dək keçiriləcək.
Çempionatın ümumi mükafat fondu 2 milyon dollar təşkil edir. Kişilər arasında çempionatın qalibi 750 min dollar, turnirdə yarışan qadınlar arasında 1-ci yerin sahibi isə 250 min dollar qazanacaq.