Türkiyənin Mərmərə Universitetinin yaranmasının 135-ci ildönümündə prezident Rəcəb Tayyib Ərdoğana azərbaycanlı doktorant Tünzalə Məmmədzadənin ipək üzərində yazdığı “Qurani-Kərim” hədiyyə edilib.
Teleqraf.com xəbər verir ki, universitetin rektoru Məhmət Emin Arat azərbaycanlı doktorantın “Qurani-Kərim”i 3 il ərzində 50 metr şəffaf ipək üzərinə qızılı və gümüş rəngli boyalarla nəqş etdiyini deyib.
“Qurani-Kərim”i öpərək qəbul edən prezident Tünzalə Məmmədzadəyə təşəkkür edib: “Sevimli tələbəmizə, bacımıza bu bacarığına, 3 illik əziyyətinə görə minnətdaram. Bu cür hədiyyəyə layiq olduğuma görə çox şadam. Belə bir “Qurani-Kərim”ə layiqli yer tapmaq çətindir. Muzey hazırlayırıq, inşallah bu əsəri həmin muzeyin müstəsna hissəsinə qoyacağıq”.