16 Fevral 2018 14:16
3 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:57

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan ABŞ Dövlət katibi Reks Tillersonla görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdən sonra Tillerson və Çavuşoğlu birgə mətbuat konfransı keçiriblər.

Çavuşoğlu konfransın əvvəlində ABŞ ilə əlaqələrin normallaşması məsələsində Tillersonla razılaşdıqlarını açıqlayıb.

Türkiyəli nazirin sözlərinə görə, görüş zamanı Fətullahçı terror təşkilatı və YPG silahlıları ilə bağlı narahatlıqlar ABŞ tərəfinə çatdırılıb:

“PKK terror təşkilatı ilə mübarizə məsələsində gözləntilərimizi və təhlükəsizlik problemlərimizi dilə gətirdik. Bundan sonra iki ölkə arasında problemləri həll etmək üçün yeni mexanizm yaradılmasına qərar verdik. FETÖ məsələsi də bu mexanizm çərçivəsində həll ediləcək. Bundan başqa Suriya məsələsinin də yeni mexanizmlə həlli üçün mart ayında ilk görüş keçiriləcək. İnanıram ki, keçirilən görüş iki ölkə arasında və regional problemlərin həllində müsbət nəticəyə səbəb olacaq”.

Tillerson isə Türkiyənin bu gün bir çox terror qruplaşmaları ilə üz-üzə qaldığını bildirib:

“Əfqanıstan və Bosniyada birgə fəaliyyət göstərdik. Türkiyə çox vacib ölkədir. Buna görə Suriyada əməkdaşlıq, İŞİD ilə bağlı məsələlər üçün yenidən birgə fəaliyyət göstərmiyimiz vacibdir”.

ABŞ dövlət katibi əlavə edib ki, Türkiyənin Suriyadakı fəaliyyəti ilə bağlı bəzi xahişləri var:

“Türk xalqı və Türkiyə hökuməti bu günə qədər göstərdikləri qonaqpərvərliklə hamımıza örnək olublar. 3 milyon miqrant hazırda Türkiyədə yaşayır. Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını anlayırıq. Buna görə dinc sakinlərə zərər gəlməməsi üçün Türkiyədən bəzi xahişlərimiz oldu. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğluna çatdırdım. Hər zaman Suriya Demokratik Qüvvələrinə etdiyimiz dəstəyə sərhəd qoyacağıq”.

Tillerson Türkiyənin Suriyada keçirdiyi Afrin əməliyyatları ilə bağlı ABŞ tərəfinin mövqeyini də açıqlayıb:

“Ərdoğan ilə görüşdə təkliflərimizi təqdim etdik. Bəzi məsələləri müzakirə etməyimiz lazımdır. Əsas məqsədimiz Suriyanı İŞİD-dən qurtarmaq, ölkədə əmin-amanlığı bərpa etmək və sakinlərin evlərinə dönməsinə şərait yaratmaqdır. Menbiç məsələsi də müzakirə ediləcək”.


Müəllif: Samir

Oxşar xəbərlər