9 Mart 2018 09:15
2 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya Müharibəsi zamanı Hitler Almaniyası nasizm ideologiyasına sadiq qalaraq digər xalqlara, xüsusən yəhudilərə münasibətdə çox amansız davranırdı. Hətta yəhudi körpələri belə xüsusi müəssisələrə yerləşdirir, lazım gələndə onlar da işgəncələrə məruz qalırdı.

Teleqraf.com bu dəfə minlərlə yəhudi körpəni nasist gettolarından ağlagəlməz üsullarla qaçıran İrina Sandlerin dosyesini təqdim edir:

İrina Sandler 15 fevral 1910-cu ildə Varşava şəhərində doğulub. Atası uşaqlıqdan ona köməksiz insanlara yardım etməyi öyrətmişdi. Atasından öyrəndikləri həyatı boyu İrinanın yadından çıxmayıb. İrina 7 yaşında atasını itirdi, ancaq atası ilə keçirdiyi 7 il onun gələcəyinə işıq salmaq, taleyini dəyişmək üçün yetərli oldu. İllər keçdi və İrina atası kimi həkim olmağı arzuladı, həkim olduqdan sonra Varşavada Sosial Yardım Mərkəzində işlədi. Bu mərkəzdə ehtiyacı olan insanlara yardım və paltarlar paylayırdı. Bu dövrdə Avropanın fərqli yerlərində yaşayan yəhudilər işgəncələrə məruz qalırdı. İrina dini baxımdan katolik olsa da, yəhudilərə qarşı edilən haqsızlığa əsla göz yummadı. Əksinə, əlindən gəldiyi qədər yəhudi ailələrə köməklik göstərməyə çalışdı.

II Dünya müharibəsi başladı

II Dünya müharibəsi zamanı nasistlər yəhudi ailələri həbs etdikdən sonra Varşava gettosu yaratdı. Bu, nasistlərin qurduğu ən böyük yəhudi gettosu idi. 400 min yəhudi bu gettoda saxlanılırdı. Varşava gettosunda yaşam aclıq, çarəsizlik, xəstəlik, səfalət anlamını verirdi. İnsanların buradakı yaşam tərzini görən və buna göz yummağa ləyaqəti yol verməyən İrina yəhudilərə köməklik göstərməyi qət etdi.

Ancaq az sonra İrina anladı ki, təkbaşına köməksiz və ölümə sürüklənən insanlara yardım göstərə bilməyəcək. Odur ki, nasistlərin işğal etdiyi Polşada gizli fəaliyyət göstərən və yəhudiləri xilas etməyə çalışan “Jeqota” təşkilatı ilə təmas qurdu. Beləcə gənc həkim canı bahasına olsa da, yəhudilərin azad edilməsi üçün önəmli rol aldı.

Ağlagəlməz xilas əməliyyatları

İrina “Jeqota”dakı dostlarının sayəsində gettodan yəhudiləri qaçırmağa başladı. Öncə yəhudi uşaqlarını gettodan qaçırmaq üçün plan və bağlantılar qurdu. Lakin yəhudi ailələri İrinanı tanımadığı üçün əvvəl övladlarını ona verməkdən imtina etdilər. Az sonra yəhudi ailələri övadlarının gettoda qaldıqları təqdirdə öləcəyi və ya öldürüləcəyi, təhlükəsizliklərinin təhdid altında olduqlarına inandılar. Artıq İrinaya inanmayan yəhudi ailələrinin başqa seçimləri yox idi. Nasistlər yəhudi gettosunda çox ciddi rejimli növbətçilik sistemi qurmuşdu, az qala burada bir ordu sayı qədər əsgər növbə çəkirdi. Odur ki, İrina uşaqları buradan çıxarmaq üçün yaradıcı yollar düşünməyə başladı. Gənc həkimin istifadə etdiyi yollardan biri uşaqların xəstə olduğunu deyib onların getto kənarında xəstəxanaya aparılmasını təmin etmək oldu. Bunu edə bilsə də, sonradan uşaqları sərhəddən keçirmək lazım gəlirdi. İrina uşaqları tabutlara və çamadanlara yerləşdirməklə sərhəddən keçirməyə müvəffəq oldu. O, xilas etdiyi ən balaca uşağa Eluzina adı qoydu. İrina bu körpəni karusel görünüşü verən xüsusi avadanlığın içinə qoyaraq sərhədi keçirə bilmişdi. Beş aylıq körpə saatlarla orada qalsa da, sonda sağ-salamat təhlükəsiz yerə çatdırıldı.

Beləcə, polşalı gənc həkim yəhudi gettosundan azı 2500 uşağı xilas edə bildi. O, xilas etdiyi körpələrin adını yazdığı siyahını isə qonşusunun həyətində yerə basdırdı.

Qolları sındırıldı, edama məhkum edildi

Günün birində nasistlər İrinanın fəaliyyətindən xəbər tutdu. Buna səbəb İrinanın tabutları dəfn etməsindən şübhələnmələri oldu. İrina dərhal həbs edildi və Gestapoya (Hərbi Polisə) göndərildi. Burada gənc qadına amansız işgəncələr verildi. İşgəncə nəticəsində onun iki qolu sındırıldı. Buna baxmayaraq, İrina işgəncələrə dözdü və yəhudi uşaqlar, onların harada yerləşdirilməsi haqda Gestapo əməkdaşlarına heç nə demədi. Nasistlər sonda İrinanı edama məhkum etdilər. Ancaq tale bu dəfə İrinanın üzünə güldü. Əvvəlcə “Jeqota” təşkilatındakı dostları İrinanın həbs edildiyini bildilər. Daha sonra onun saxlanıldığı həbsxananın yerini müəyyən etdilər. Silahdaşları həbsxana gözətçisinə rüşvət verərək, İrinanı həbsxanadan qaçırdılar. Həbsdən qaçdıqdan sonra İrina saxta pasportla yaşadı və insanlara yardım göstərməyə davam etdi.

İrina müharibədən sonrakı dövrdə bir sıra qəzetlərə müsahibə verdi. İsveçin məşhur “Sidsvenskan” qəzetinə verdiyi müsahibədə “Nasist işğalçılara qarşı nifrətim qorxumdan daha güclü idi. Atam mənə boğulmaqda olan birini görəndə üzə bilməsəm belə, suya atılmağı öyrətmişdi. Baxın, o dövrdə suda boğulan Polşa idi” demişdi. Onun bu cür cəsur fikirləri dünyanı heyrətə gətirdi.

Uşaqların siyahısını yəhudi təşkilatına təqdim etdi

Müharibə başa çatdıqdan sonar İrina xilas etdiyi minlərlə yəhudi uşağının adının olduğu siyahını yəhudi ailələrini birləşdirən təşkilata təqdim etdi. Daha sonra ailə quraraq sakit həyat yaşamağa üstünlük verdi, 3 övladı doğuldu. Doğru və haqq işi gördüyünü düşünərək maraqlı bir həyat sürməyə başladı.

“Minlərlə usagı xilas etmə səbəbim mənim bu cür böyüdülməm olub. Din, dil və ya irq fərqi mənə görə fərq deyil. Atam mənə hər zaman boğulmaqda olan birini xilas etməyi öyrətdi”. Bu da İrinanın sözləridir.

Dünya bu cəsur qadından xəbərsiz qaldı

Həyatı boyunca insanlığa yardım və xidmət göstərən İrina 98 yaşında vəfat etdi. Fəqət o dünyadan köçəndə onun qəhrәmanlığından milyonlarla insan xəbərsiz idi.

1964-cü ildə İrina Sandler yenidən yada düşdü. İrinaya “Polish Rughteous Among The Nations” (II Dünya müharibəsində yəhudiləri xilas edənlərə verilən ad) adı verildi. 1997-ci ildə isə İrinanın namizədliyi Nobel Sülh Mükafatına təqdim olundu. Ancaq Nobel Sülh Mükafatı ABŞ-ın vitse-prezidenti Al Qoreyə verildi. Çoxları artıq qocalan İrinanın buna qəti etiraz edəcəyini gözləsə də, insanlığın xilaskarı bu qərarı normal qarşıladığını bildirdi və əlavə etdi ki, dünyada insanların xilası və normal yaşamasının təminatında başqalarının da önəmli rolu var.


Müəllif: Cavad

Oxşar xəbərlər