Türkiyədə qumar oyununa rəsmi qadağa tətbiq olunduqdan sonra qumarbazlar əsasən Gürcüstan, Bolqarıstan və Şimali Kiprə üz tuturlar.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, milyonlarla dolların qumarxanalarda oynanıldığı bu ölkələrə türklərin güclü axını hiss olunur.
Son dövrlərdə ən çox dəb halına gələn isə Batumidir. Araşdırmalara görə, Qaradəniz bölgəsində qumara aludə olan türklər bəzən evini, bəzən mal-qarasını satır, kimisə avtomobilini, başqası isə bankdan kredit çəkərək şərti “Las-veqas” adlandırdıqları Batumiyə üz tuturlar. Beləcə ciblərini dolduraraq Türkiyədən Gürcüstana keçən bu insanlar axşam, bəzən gecə vaxtı cibləri boş şəkildə yenidən Türkiyəyə qayıdırlar.
Türk mediası qeyd edir ki, qumarbazlar təyyarə ilə Bolqarıstana, gəmi ilə Levkoşaya, avtomobil ilə Batumiyə üz tuturlar. Məhz bu məkanlarda türk vətəndaşlarının milyonlarla dollar xərclədiyi qeyd olunur. İddia edilir ki, daha zəngin qumarbazlar Avropaya getməyə üstünlük verir. Onlar üçün şengen vizası ilə bağlı prosedura sənədlərini qumarxanalar özləri həyata keçirir. Hətta bir çox hallarda onlardan gecələmək üçün də pul alınmır.
Qeyd olunur ki, artıq Qaradəniz bölgəsində olan qumarbazlar və ya qumara meyl edənlərin Batumidə uduzduqları milyonlar ciddi sosial problemlərə yol açır. Müştərilərinin az qala hamısının türk olduğu qumarxanalarda qazanclarını uduzanlar geri qayıtdıqdan sonra kredit çəkirlər, evini, hətta avtomobilini belə satmağa məcbur olurlar. Gecə həyatına üstünlük verən çoxlu sayda insanın ailəsində də problemlər yaranır və bəzən uzun illər evli olan cütlüklər sonda boşanmalı olur.
Batumi ilə sərhəddə yerləşən Artvinin iş adamı Xalid Danışmaz deyib ki, çoxları çayçılıqdan əldə etdiyi pulu və əmək haqqını Batumiyə aparıb qumarda uduzur:
“Pulunu, əməkhaqqını aparıb orada qumarda xərcləyirlər. Buraya qayıtdıqdan sonra xanımı 10 manat pul istəyəndə bəlli olur ki, pul yoxdur, qazancının hamısını uduzub. Bu dəhşətli səhnədir”.
Artvinin Ticarət və Sənaye Təşkilatının rəhbəri Osman Ağürək isə deyib ki, ölkədə qumar qadağası olduğu üçün insanlar Levkoşa və ya Batumiyə gedir:
“Batumidə qumar və əyləncə sektoru inkişaf edir. Şübhəsiz ki, bu zaman uduzanlar da olur. Bu iş üçün Batumiyə gedənlərin sonradan acı tale yaşadığı, ailə problemləri ortaya çıxdığı haqda deyilənlər doğrudur”.
Araşdırmalar zamanı bəlli olub ki, qumar naminə Kiprə gedənlər də az deyil. Məlumata görə, qumar biznesi Şimali Kiprin iqtisadiyyatına ildə 2 milyard 500 milyon türk lirəsi əlavə qazanc gətirir. Türkiyədən isə ildə 600 min civarında turist qumar oynamaq üçün Kiprə gedir. 29 qumarxananın olduğu Kiprdə 7500 nəfər bu sahədə işləyir. Levkoşaya qumar oynamağa gedənlərin 60 faizini türklər təşkil edir. Məlumata görə, qumarxanlar xüsusi turlar təşkil edərək müştərilərini bura gətirirlər. Zəngin qumarbazların yol xərci və qalmaları məsrəfləri daxil olmaqla qumarxanalar tərəfindən çoxlu sayda şirnikləndirici jestlər edilir. Üstəlik bu qumarxanalar hər həftənin sonunda Türkiyədən məşhur müğənniləri səhnəyə çıxararaq müştərilərini razı salırlar.