Müasir dövrdə bəzi ölkələrdə köləlik hələ də qalmaqdadır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, FİFA 14 yaşlı futbolçuları satın aldığı üçün Laos dövlətini cərimələyib.
BBC telekanalı hələ 2015-ci ildə Afrika ölkələrində azyaşlı futbolçuların alınıb-satıldığını yazıb.
18 yaşına qədər olan futbolçuların satışı transfer hesab edilmir və qəti qadağandır. Laos futbol komandalarından "Çampasak Yunayted" klubunun Qərb Afrikadan çoxlu sayda uşağı satın aldığına dair iddiaları araşdıran FİFA qorxunc gerçəyi ortaya çıxarıb. FİFA-nın xəbərdarlıqlarına baxmayaraq Laos Futbol Federasiyası bu məsələ ilə bağlı tədbir görmədiyi üçün cəzalandırılıb.
2015-ci ilin fevralında futbol akademiyasına qəbul adı ilə Laosa uşaq futbolçuları gətirilib. Satıldıqlarından bixəbər olan uşaqlar 6 illik müqavilə imzalamağa məcbur ediliblər. Bununla da onların öz ölkələrinə qayıtmasının qarşısı alınıb. Müqavilədə oyunçuların qalacaqları yer və maaş barədə bənd öz əksini tapsa da, heç bir ödəniş olmadığından qalmaq üçün yer də tapa bilməyiblər. Afrikalı uşaqlar stadionun yanında kiçik ərazidəki otaqda qalıblar. 30 nəfərin bir yerdə yatdığı da araşdırmalar zamanı məlum olub.
Hadisəni araşdıran liberiyalı jurnalist Vleh Bedel "Çampasak Yunayted" klubunun futbol akademiyası olmadığını üzə çıxarıb. Qanunsuz şəkildə alınan uşaqların qeyri-sanitar şəraitdə yaşamağa məcbur edildiyi bəlli olub.
FİFA-nın təzyiqindən sonra klub 17 futbolçunu sərbəst buraxıb.
Liberiyaya qayıdan oyunçular BBC-yə açıqlamasında pis şəraitdə yaşadıqlarını, çox az pul aldıqlarını və yaxşı qidalanmadıqlarını deyiblər. Gənc futbolçular pasportlarının klub tərəfindən girov götürüldüyünü və qaçaq immiqrant sayıldıqları üçün Laosu tərk edə bilmədiklərini söyləyiblər.