ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun tərkibində “Kosmik qüvvələr”in qurulması haqda əmri verib.
Teleqraf.com-un məlumatına görə, dünən Ağ Evdə Milli Kosmik Şuranın toplantısı keçirilib.
Tramp bəyan edib ki, silahlı qüvvələrin 6-cı qolu olaraq “Kosmik qüvvələr”in qurulmasına lazım olan prosesin dərhal başladılması üçün Pentaqona təlimat verib: “Bu, böyük bir addımdır. Hava qüvvələrimiz vardı, ayrıca Kosmik qüvvələrimiz də olacaq”.
Tramp əlavə edib ki, kosmosda ABŞ-ın varlığı yetərli deyil, kosmosda ABŞ-ın qüdrəti də nümayiş olunmalıdır.
ABŞ prezidentinə görə, kosmosda təşəbbüsün Rusiya və Çinə buraxılması qəbuledilməzdir.
Bundan başqa, Tramp Aya astronavt göndərilməsi və Marsa yenidən daxil olmaq vədi də verib.
Qeyd edək ki, Aya ilk dəfə 1969-cu ildə amerikalılar ayaq basıb.
“Bu dəfə bayrağımızı ucaltmaq, ayaq izlərimizi qoymaqdan daha çox iş görəcəyik. Ayda uzun müddətli mövcudluğumuz olacaq, iqtisadiyyatımızı inkişaf etdirəcəyik və Marsa missiya göndərməyimizin təməlini hazırlayacağıq”, - deyə prezident bildirib.