İranın məşhur sünni din alimlərindən Məvləvi Əbdülhəmid İslamyılzeh sünni vətəndaşlara dövlət qurumlarında iş verilməməsinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, din alimi “İstimad” qəzetinə müsahibəsində İran hakimiyyətinin bu ayrı-seçkiliyinin qəbuledilməz olduğunu deyib.
O, Prezident Həsən Ruhaniyə vədini xatırladıb:
“Həsən Ruhani 2013-cü ildə hakimiyyətə gələndə sünnilərə vəd verdi ki, bir sıra dövlət orqanlarında onlara da yer veriləcək, yaxud sünnilərin məşğulluğu artırılacaq. Buna görə də, sünnilər seçkilərdə Həsən Ruhaniyə səs verdilər. Amma o, vəzifəsinin icrasına başladıqdan sonra bu vədlərinin heç birini yerinə yetirmədi. Bununla bağlı Daxili İşlər Nazirliyinə də müraciət etmişəm, amma maraqlanmayıblar.
Sistan və Bəlucistan bölgələrinin 75%-i sünni olmasına baxmayaraq, burada 300 məmurun xidmət etdiyi orqanlarda cəmi 18 sünni vətəndaş var. Əgər sünni olan vətəndaş savadlı kadr deyilsə işə götürməsinlər, amma savadlı kadrdısa ona qarşı haqsızlıq etmək doğru deyil”.
İranlı din alimi sünnilər arasında məşğulluq probleminin kənd təsərrüfatı və ticarət sahələrinə mənfi təsirlərini göstərdiyini deyib: “Biz bu torpaqlara xəyanət etmərik. Buna görə də düşünürəm ki, bu kimi problemləri həll etmək üçün məsələyə ləyaqətlə yanaşmaq lazımdır. Sünnilərin üstünlük təşkil etdiyi bölgələrdə təzyiqlərlə üzləşmirik, amma az olduğumuz bölgələrdə bizə təzyiq edirlər”.
İsmayılzeh İranın sünni bölgələrinin ABŞ və İsrailin diqqət mərkəzində olduğunu bildirib: “ABŞ və İsrail, həmçinin İranla münasibətlərində problemləri olan digər dövlətlər sünniləri İran hakimiyyətinə qarşı qaldırmağa cəhd edirlər. Bu, xüsusilə də ABŞ-ın keçmiş prezidenti Corc Buşun dönəmində daha təhlükəli hal almışdış. Sistan və Bəlucistanda aran qarışdırmaq istədilər, amma biz buna icazə vermədik”.