Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Prezident Donald Trampla görüş üçün ABŞ-a səfər ərəfəsində Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron, Niderlandın Baş naziri Mark Rütte və Avstriyanın kansleri Sebastian Kurtsla danışıq aparıb.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Aleksandr Vinterştayn keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Avropa Komissiyası sədrinin ABŞ-da müzakirə edəcəyi məsələlər arasında ticarət ilk yerdə dayanacaq: “Əsas vurğu ticarət məsələsinin üzərində olacaq”.
Qeyd edək ki, ABŞ bir müddət öncə üçüncü ölkələrdən, o cümlədən Avropa İttifaqı ölkələrindən polad və alüminium məhsullarının idxalına tətbiq etdiyi rüsumu artırıb. Buna Avropa Komissiyasının reaksiyası özünü çox gözlətməyib. İttifaq ABŞ-dan idxal etdiyi bir sıra məhsullara 25 faiz əlavə rüsum tətbiq edib.