"ABŞ-ın Suriyada hərbi əməliyyatlar həyata keçirməsi üçün heç bir hüquqi bazası yoxdur. ABŞ-ın Suriyadakı mövcudluğunu davam etdirməsinin yeganə yolu qaçqınların öz torpaqlarına qayıtmaları üçün Dəməşq və Moskva ilə əməkdaşlıq etməsidir".
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunur.
Nazirliyin nümayəndəsi İqor Konaşenkov ABŞ Müdafiə Nazirliyinin rəsmisi Cosef Votelin "qaçqınların Suriyaya qayıtması üçün Rusiya ilə əməkdaşlıq etməyəcəyik" ifadəsinə cavab olaraq qeyd edib ki, indiki şəraitdə ABŞ-ın Suriyada qalması üçün tək bir imkan var. Bu, Rusiya və Suriyanın qanuni hakimiyyəti ilə insanların evlərinə qayıtmaları üçün əməkdaşlıq etməkdən ibarətdir.
Konaşenkov əlavə edib ki, ABŞ Suriyada qalmaq üçün hər zaman İŞİD və ən-Nusra (Fetih el Şam) ilə mücadilə bəhanəsindən istifadə edib.