Kamerunda separatçı qrupun hücumu nəticəsində 160-dan çox məhbus həbsxanadan qaçıb.
Teleqraf.com xəbər verir ki, ölkənin şimal qərb və cənub-qərb regionlarında bir neçə belə hücum olub.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Kamerunun Anglofon bölgəsindəki separatçı qruplar uzun illərdir müstəqillik uğurunda mübarizə aparırlar.
Kamerunda təxminən 22 milyon əhali yaşayır və əhalinin əksəriyyəti fransız dilidir. Əhalinin dörddə biri ingilis dilində danışır. Qarşıdurmanın kökü isə 1961-ci ilə qədər uzanır. Həmin il Cənubi Kamerun Britaniya mandatı altında 1960-cı ildə Fransadan müstəqillik əldə edən Kamerunla birləşməyə qərar verib. Birləşmiş Kamerunda ingilis və fransız olmaqla iki rəsmi dil qəbul edilib.
Anglofon azlıq neft gəlirlərinin uzun illərdir ədalətli bölünmədiyini və onlara qarşı ayrı-seçkilik edilyini iddia edir. Son gərginlik keçən ilin noyabr ayında başlanıb. Anglofonların əksəriyyəti Kamerunun 1961-ci ildə birləşməsindən sonra qısa müddətdə qüvvədə olan federal sistemin geri qaytarılmasını tələb edirlər.