Türkmənistanda Avadan-Təpə siyasi həbsxanasından başqa bütün cəza müəssisələrində məhbuslar pulsuz yeməkdən məhrum edilib.
Teleqraf.com-un məlumatına görə, bu barədə xarici media məlumat yayıb.
Məhbusların dövlət hesabına yeməklə təmin olunmasına bu ilin əvvəlində son qoyulduğu deyilir. 2018-ci ilin yanvarından məhbusların qohumları hər ay ərzaq məhsulları və pul gətirməyə məcbur edilib.
Daha əvvəl bildirilirdi ki, türkmən ordusu da ərzaq təminatının eyni formasına keçid edib. Yalnız Avadan-Təpə siyasi həbsxanası istisna təşkil edir. Məhbuslar ətraf aləmdən təcrid edildikləri üçün bu metodu sözügedən həbsxanaya tətbiq etmək mümkün deyil.
Məhbusların qohumları ərzaq məhsullarını vermək üçün bəzən islahedici müəssisənin əməkdaşlarına rüşvəti verməli olduqlarını söyləyiblər. Koloniyaların daxilindəki yeməkxanalarda isə qiymətlərin bir neçə dəfə baha olduğu deyilir. Həbsxanalarda alkoqollu içkilərin də satıldığı bildirilir.
Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına əsasən Türkmənistan həbsxanalarında 2017-ci ilin payızına olan rəqəmlərə görə 30,4 min məhbus saxlanılıb.