Hindistanın cənubunda yerləşən Kerala ştatında musson yağışları səbəbindən baş verən daşqınlar nəticəsində həlak olanların sayı 324 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat yerli hökumətin rəsmi açıqlamasında yer alıb. Qeyd olunur ki, baş verənlər ölkədə son 100 ilin ən dəhşətli faciəsidir.
Avqustun 8-də Hindistanın cənub və cənub-qərb rayonlarında başlayan yağışlar indiyədək davam edir. Təbii fəlakət nəticəsində 44 çay məcrasından çıxıb, bir neçə körpü dağılıb, onlarla yaşayış məntəqəsi su altında qalıb, 33 bənddə suyun səviyyəsi təhlükəli həddə çatıb. Ştatın bütün 14 rayonunda qırmızı təhlükə səviyyəsi elan olunub.
Avqustun 16-da Hindistan Hərbi Dəniz Qüvvələrinin cənub komandanlığı bütün təlimlərin dayandırılmasını, həmçinin zərərçəkən əhaliyə təcili yardım göstərmək üçün şəxsi heyətin və gəmilərin Kerala ştatına göndərilməsini əmr edib. Xilasetmə əməliyyatlarına ölkənin Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri də cəlb olunub.
Kerala ştatının əsas beynəlxalq aeroportunun eniş-qalxış zolağı tamamilə su altında qaldığından avqustun 26-dək bütün uçuşlar dayandırılıb. Reyslər qonşu hava limanlarına yönəldilir.
Meteoroloqlar avqustun 18-də regionda yenə güclü leysan yağacağını proqnozlaşdırırlar.
Hindistanda yağışlar mövsümü adətən iyunun ortalarında başlayır və sentyabr ayının sonlarına qədər davam edir.