Bəziləri bizi guya iqtisadiyyat, sanksiya, məzənnə, faiz dərəcəsi, inflyasiya ilə təhdid edir. Onlara deyirik ki, oyununuzu gördük və meydan oxuyuruq. Bilirik ki, iman varsa, imkan da var.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının VI Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, türk milləti bu günə qədər bir çox xəyanət və xain planları imanı ilə boğub: “Dünyanı istismar etməklə rifah halını yaxşılaşdıranlara boyun əymədik, əyməyəcəyik. Həm cəsarəti, həm ağlı olan bu millətin qarşısında dayana biləcək heç bir güc tanımırıq. Kimsə bu millətlə, bu ölkə ilə oynamağa cəhd etməsin. “Ya olacağıq, ya öləcəyik” deyib hədəflərimizə doğru gedən bir millətik”.
Rəcəb Tayyib Ərdoğan ABŞ-a mesaj göndərərək Türkiyəni hədəf seçməkdə suçlayıb: “Bizə strateji ortaq kimi görünüb atdığı hər addımda bizi strateji hədəfə çevirməyə çalışanlara təslim olmadıq, olmayacağıq. Bir daha hayqırırıq, bacara bilməyəcəksiniz, millətimizi bölə, azanlarımızı susdura, bayrağımızı endirə, dövlətimizi yıxa, Türkiyənin yüksəlişini dayandıra bilməyəcəksiniz, məqsədimizə nail olmağımıza mane olmayacaqsınız.
Çünki biz Türkiyəyik, türk millətiyik, müsəlmanıq, insanlığın ortaq səsi və vicdanıyıq”.