İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) xəbər agentliyi türklərə münasibətdə qərəzli mövqeyini büruzə verərək İranda iqtisadi dövlət mafiyasını Qaşqay türkləri ilə əlaqələndirib.
Teleqraf.com xəbər verir ki, “Tasnim” agentliyi avqustun 20-də yaydığı bir karikaturada ölkədə baş verən korrupsiya və oğurluğu özünəməxsus şəkildə izah edib. “Korlanmış ağazadələr (cəmiyyətdə xüsusi imtiyazlı dövlət rəsmiləri belə adlanır) beytul-mal süfrəsinin başında” adı altında dərc olunan karikaturada ölkədəki korrupsiya və iqtisadi mafiya Qaşqay türkləri ilə əlaqələndirilib.
Bunun üçün karikaturada Qaşqay elinin məşhur papağından istifadə olunub. Bu papaq Qaşqay türklərinin simvolu kimi tanınır.
Təhqiramiz karikaturun yayılmasına Qaşqay türkləri ilə yanaşı Azərbaycan türkləri də kəskin reaksiya verib. Sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri müxtəlif postlar paylaşaraq SEPAH-ın türklərə təhqiramiz mövqeyini kəskin şəkildə pisləyiblər.
Onların əksəriyyəti karikaturada Qaşqay papağı deyil, molla əmmaməsi və ya SEPAH-ın uniformasından istifadə olunmasını doğru hesab etdiklərini bildiriblər. Çünki İranda əhalinin sərvəti Qaşqay türkləri tərəfindən deyil, mollalar və SEPAH əməkdaşları tərəfindən talanır.