ABŞ-ın “Metropoliten” həbsxanasının gözətçisi Viktor Kasado məhbus iş adamı Rza Zərrabın ona rüşvət verdiyi ittihamını qəbul edib.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, hakim qarşısına çıxarılan gözətçi əvvəlki ifadəsini dəyişdirərək əslən Cənubi Azərbaycandan olan Rza Zərrabdan rüşvət aldığını etiraf edib.
Viktor Kasado ayrı-ayrı vaxtlarda Rza Zərrabdan ümumilikdə 50 min dollar civarında rüşvət aldığını və əvəzində iş adamının saxlanıldığı kameraya spirtli içki, mobil telefon, bəzi vitaminlər də daxil olmaqla bir sıra maddələr gətirdiyini söyləyib.
Xatırladaq ki, biznesmen ötənilki məhkəmə prosesində saxlanıldığı həbsxana kamerasının gözətçisinə mobil telefon və spirtli içki qarşılığında türkiyəli vəkili vasitəsilə təxminən 45 min dollar rüşvət verdiyini iddia etmişdi.
Rza Zərrab 2016-cı ilin martında ABŞ-da həbs edilib. O, İrana qarşı tətbiq edilmiş sanksiyaları neytrallaşdırmaq üçün irimiqyaslı saxtakarlıq, qeyri-leqal pulların transferi və ABŞ banklarına qarşı dələduzluqda ittiham edilir.