Ermənistanda növbədənkənar parlament seçkiləri may ayının sonunda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, hazırda parlamentin buraxılması üçün heç bir mexanizmin olmadığını bildirib: “Lakin insanlar israr edərsə, belə mexanizmlərin yaradılması zərurət olacaq. Əlbəttə, Ermənistan vətəndaşları öz məqsədlərinə nail olmaq üçün inqilab edə bilərlər. Buna əmin olsunlar. Zərurət olarsa, vətəndaşlarımız yenə də inqilab edəcəklər”.
Paşinyanın sözlərinə görə, qeyd olunan məqsədə nail olmaq üçün iki variant mövcuddur: “Birinci variant parlamentin özünü ləğv etməsini nəzərdə tutan Konstitusiya islahatıdır.
Başqa bir seçim o ola bilər ki, parlamentdəki qüvvələr onun buraxılması ilə bağlı razılığa gəliblər. İndi biz Konstitusiya dəyişiklikləri üzərində işləyirik. Layihə tezliklə hazır olacaq və biz onu parlamentə göndərəcəyik, siyasi müzakirələr aparacağıq. Biz ümumi razılığa gələ bilərik”.
Qeyd edək ki, Ermənistan parlamentində çoxluqda olan keçmiş prezident Serj Sərkisyanın Respublika Partiyası hökumətin növbədənkənar seçki keçirmək təklifini rədd edir.
Sərkisyanın partiyası bunun üçün Konstitusiyada dəyişikliyin edilməsini və baş nazirin istefa verməsinin zəruri olduğunu bildirir.
Paşinyan isə Konstitusiya islahatı keçirilmədən istefa verməyəcəyini bildirib.