Çin Uyğur türklərinin lideri kimi qəbul edilən Rabia Kadir haqqında birmənalı fikir yoxdur. Uzun illər uyğur türklərinin lideri kimi qəbul edilən və öz fəaliyyəti ilə bunu sübut edən bu işıqlı xanımın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olması haqqında xəbərlər ortaya çıxıb.
Teleqraf.com uyğur türklərinin liderinin dosyesini təqdim edir.
Rabia Kadir 1948-ci ildə Çinin Şərqi Türküstan bölgəsində doğulub. 27 yaşında tikiş müəssisəsi yaradıb. Daha sonra Sincan Ticarət Evinin sədri seçilib. Eyni zamanda qadın haqlarının müdafiəçisi olaraq Çin hökumətinin nümayəndə heyətində təmsil olunub. 1992-ci ildə Çin parlamentinə seçilib. 1995-ci ildə BMT-nin Pekində keçirdiyi “Dünya Qadınları” adlı konfransda iştirak edib.
1997-ci ildə Çin hökumətinin Türküstan siyasətini ciddi tənqid edib. Bu mövqeyindən sonra vəzifəsindən çıxarılıb. 1999-cu ildə hökumətin sirlərini açmaqda ittiham olunmaqda 8 il həbs cəzası alıb. 2005-ci ildə beynəlxalq təzyiqlərin nəticəsində həbsxanadan buraxılıb. Bundan sonra Çini tərk edərək ABŞ-a köçüb və fəaliyyətini orada davam etdirməyə başlayıb. 2016-cı ildə Dünya Uyğur Qurultayının sədri seçilib.
Bəzi mənbələr iddia edir ki, “agent” Rabia Kadir bir uyğur ailəsinin evini ziyarət edərkən etdiyi söhbət gizli videoya çəkilib və sonradan internetdə yayımlanıb. Həmin söhbəti zamanı Rabia Kadir bildirib ki, ABŞ-ın Milli Demokratiya İnstitu (MDİ) ilə birlikdə işləyir və bu qurum daxilində Uyğur Türkləri şöbəsini yaradıb.
İddialara görə, evdə 10 uyğur türkü ilə söhbət edən Rabia Kadir “20-30 nəfər bizimlə görüşə gəlir. Bəyanatla çıxış edirik” deyərək gördüyü işlərin böyük əhəmiyyət daşıdığını ifadə etmək istəyib.
Qeyd edək ki, məşhur türk jurnalist Banu Avar Rabia Kadirin Amerika kəşfiyyatına və Milli Demokratiya İnstitutuna işlədiyi haqqında qeydlər olduğunu iddia edib və buna görə, ciddi tənqid edilib.
Rabia Kadir isə mətbuata çıxışları zamanı deyib ki, ABŞ-da göstərdikləri gərgin fəaliyyət nəticəsində Dövlət Departamentində Türküstanı öyrənəcək şöbənin qurulmasına və bir nəfərin bu problemlə məşğul olmasına nail olublar.
“Bu bizim son 10 ildən bu yana həyata keçirmək istədiyimiz məqsədlərdən biri idi”.