24 Sentyabr 2018 22:28
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu ay baş tutması planlaşdırılan görüş əslində planlaşdırılmamışdı. Sadəcə olaraq, Ermənistan tərəfi ehtimal edirdi ki, Tramp Paşinyanı qəbul edəcək.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Amerika prezidentinin baş nazirlə görüşdən imtina etməsinin bir sıra səbəbləri ola bilər:

“Bunlardan ən ağılabatanı Paşinyanın tez-tez Rusiyaya səfər etməsi ola bilər. 100 günlük baş nazirliyi dövründə o, 3 dəfə Putinlə görüşüb. Bu da hər aya bir səfər edir. Digər səbəbdən biri Ermənistanın Suriyada humanitar missiyada iştirak etməsi ola bilər ki, İrəvan bu missiyanı Rusiyanın hərbi kontingenti daxilində atmağı planlaşdırır. Müdafiə naziri Davit Tonoyan da bəyan etdi ki, Suriyaya 100 nəfərlik heyət göndərəcəklər.
Paşinyan da sentyabrın 8-də Moskvaya səfəri zamanı ölkəsinin Suriyada humanitar missiyada iştirakı təklifini irəli sürdü və Putinlə bu barədə razılaşdılar. Ola bilsin ki, Paşinyanın bu addımı ABŞ-da narazılıq yaradıb. Baxmayaraq ki, Paşinyanın ABŞ-dan icazəsiz bunu etməsi inandırıcı deyil. Amerika humanitar missiya adı altında 100 nəfərlik Ermənistan hərbçisinin Suriyaya getməsinə razılıq verməklə, əslində Suriyadakı Rusiya-Türkiyə-İran missiyasının içərisinə öz etibarlı agentlərini də yerləşdirmiş ola bilər”.

Nəzakət Məmmədova qeyd edib ki, Ermənistandakı ABŞ laboratoriyasına Rusiya mütəxəssislərinin buraxılması da səbəblərdən biri kimi göstərilsə də, yenə də burada amerikalılardan icazənin alınmadığı ehtimalı inandırıcı deyil:

“Tramp-Paşinyan görüşünün baş tutması üçün ABŞ Konqresinin bəzi üzvləri və Amerikanın Ermənistandakı səfiri Riçard Mills lobbiçilik edirdi. Digər yandan isə iyunda Prezident Armen Sərkisyan da Vaşinqtonda olarkən, Trampla görüşə bilmədi. Onu ancaq dövlət katibi Pompeo qəbul etdi.

Görüşün baş tutmama səbəbini onunla izah edərdim ki, hazırda Paşinyanın fəaliyyətində superdövlətin başçısını qane edən, onunla görüşmək marağı doğuran heç nə yoxdur. Daxili siyasətdə siyasi və iqtisadi qeyri-sabitlik, rəqiblərlə haqq-hesab çəkmə, xarici siyasətdə vahid xəttin olmaması, qeyri-sabitlik Paşinyana olan inamı azaldıb. ABŞ proseslərin sonrakı gedişatını gözləyir və hələ ki, Trampla Paşinyanın görüşünə tələsmir. Fövqəldövlətin protokoluna daxil olmaq, onunla audensiyaya nail olmaq Paşinyan üçün son dərəcə vacibdir. Lakin Trampın bu görüşə ehtiyacı yoxdur və o, hələ ki, Rusiyanın hüquqi müttəfiqi sayılan ölkənin başçısına etimad göstərməyə tələsmir. Eyni zamanda, Putinin Ermənistan səfəri ərəfəsində təmkinini saxlayaraq gözləmə mövqeyi tutmağa, səfərin yekunları əsasínda nəticə çıxarmağa üstünlük verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər