25 Sentyabr 2018 23:32
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxış edib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan çıxışına BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid etməklə başlayıb: “BMT Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən bir forma alıb. Dünya “5”dən böyükdür. İnsanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq”.

Türkiyə prezidenti dediklərinə zülmə məruz qalan Fələstini daima müdafiə edəcəklərini əlavə edib: “Fələstinlilərə tətbiq olunan zülmə səs çıxarmayanların, onlara edilən yardımlara mane olanların cəhdləri zalımların cəsarətlərini artırmaqdadır. Bütün dünya üz çevirsə də, məzlum fələstinlilərin yanında olmağa, ilk qibləmiz Qüdsün tarixi və hüquqi statusuna sahib çıxmağa davam edəcəyik”.

Türkiyə prezidenti çıxışı zamanı təklif də irəli sürüb.

Ərdoğan BMT Gənclər Fondunun təsis edilməsini təklif edib: “BMT nəzdində gələcəyimiz olan gənclərlə bağlı bir quruma ehtiyac var. Türkiyə olaraq BMT Gənclər Fondunun tezliklə təsis edilməsini, mərkəzinin də İstanbul olmasını təklif edirik. Hazırda İstanbulda tikilməkdə olan Gənclər Mərkəzini bu fond üçün ayıra bilərik”.

Ərdoğan sonda sessiya iştirakçılarını 10 dekabrda İstanbulda keçiriləcək BMT Yaşlılıq Agentliyinin qurultayına dəvət edib.


Müəllif: Teleqraf.com