İdlib məsələsində ABŞ-ın fikrini düşünmədim, Rusiya ilə hərəkət etdim.
Teleqraf.com xəbər verir ki, belə bir açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib:
“Soçi razılaşmasında ABŞ-ın fikrini düşünmədim. O məsələdə Rusiya ilə hərəkət elədim. İranı nəzərə aldıq, məsələ barədə xəbərdar etdik.
Xüsusilə müşahidə məntəqələrimiz çox önəmlidir. 12 məntəqə bizdədir, 10-u Rusiyada, 6-sı İranda. Başqa ölkə yoxdur. 15-20 kilometr məsafələr önəmlidir. Buranın təhlükəsizliyi Rusiyanın nəzarətindədir. 10 maddəlik razılaşmanı müdafiə nazirlərimiz imzaladı. Orada bütün detallar var. Bu vaxta gədər problem yaşamamışıq.
Ümid edirəm bundan sonra da yaşamayacağıq. Nəsə narahatçılıq olduğu halda heyətlərimiz bir araya gələrək müzakirələr aparırlar”.
Türkiyə prezidenti Suriya-İraq sərhədlərində əməliyyatların genişlənəcəyi mesajını da verib:
“ABŞ-ın əməliyyatları bizim sərhədə çox da yaxın deyil. Onlar edir, biz də edirik. Təkcə Suriya sərhədi deyil, İraq sərhədində də əməliyyatlar aparırıq. Tədbirlərimiz davam edir. İdlibdə pilotsuz uçan aparatlar da daxil bütün təchizata malikik. Rusiya ilə bölgədə danışıqlar çox vacibdir”.
Rəcəb Tayyib Ərdoğan son dövrlərdə ən çox danışılan dünya liderlərindən Maduroya da dəstək olub: “G-20 zirvəsində iştirak edəcəm. sonra Venesuelaya gedəcəm. Maduronu tək qoymayacam”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib: “Bilirsiniz, müdafiə sənayemizlə bağlı çox halda mübahisələrlə qarşılaşırıq. Biz ölkəmizin ehtiyaclarını ən yüksək səviyyədə qarşılamağa məcburuq. Dünən bir ölkənin lideri, adını demiyəcəm, “NATO üzvü bir ölkə NATO üzvü olmayan bir ölkədən necə olur ki, silah alır?” deyə sual verdi.
Mən də ona “NATO üzvü bir ölkəyə digər NATO üzvü ölkə silah satmırsa nə edə bilərəm” deyə cavab verdim. Rusiyadan S-300 alan Yunanıstan barədə kimsə danışırmı? Xeyr! Bunları deyəndən sonra o özü də susdu qaldı. İnciməsinlər. Lazım gələrsə Rusiyadan alacam, Çindən də alacam. Hətta ortaq istehsala başlayacağıq.
Hazırlıqlarımızı da bu istiqamətdə aparırıq. Biz hazırda Fransa, İtaliya, Türkiyə olaraq bir sıra ortaq addımlar atmağı düşünürük. İngiltərə də var. Onlardan qaçmırıq. Onlarla da işləyirik. Azad bazar iqtisadiyyatında lider olan dövlətlərin qarşısını almaq düzgün deyil”.