Paşinyan növbədənkənər seçkilərdə qalib gəlmək üçün sosial-iqtisadi problemləri qabartmaq istəyir.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib:
“Təəccüblü deyil ki, öz anti-konstitusion ideyalarını yaymaq üçün iqtidardakılar bütün mümkün tədbirlərə əl atırlar. Onlar sosial dəstəyə bel bağladıqca sosial problemlər həll olunmur, əksinə daha da böyüyür. Paşinyan insanlara indi də bunu diqtə edir: “Bəli, siz pis yaşayırsınız, həyatınızı düzənləyə bilmirsiniz. Bunların hamısı ona görədir ki, mənim tərəfdarlarım parlamentdə üstünlüyə sahib deyillər”.
Yəqin ki, yenə avam insanlar ona inanacaqlar. Cənab baş nazir, siz məndən də yaxşı bilirsiniz ki, parlament sizin dəqiq iqtisadi inkişaf proqramınızın olmamasında, idarəetmə aparatını dağıtmağınızda, cəmiyyətdə təcavüzkarlığı artırmağınızda, “Lidan”, “Veolia” və digər bu kimi hadisələrdə barmağınızın olmasında günahkar deyil”.
Armen Aşotyan həmçinin qeyd edib ki, Rusiyada yaşayan erməni biznesmenlər Paşinyana etimad göstərməkdən imtina edib, fransız elitası ilə görüşdə isə heç bir nəticə əldə olunmayıb:
“Almaniya kansleri Merkel və İtaliya prezidentinin Cənubi Qafqaza səfəri zamanı Gürcüstan və Azərbaycanda biznes forumda iştirak edib, özləri ilə investorlar gətiriblər. Amma Ermənistana gələndə belə hallar baş vermədi”.