Ermənistanın inqilabi hökumətindən müsbət gözləntilər var idi. Lakin hələlik bu, özünü doğrultmur. İnqilabi hökumətin Ermənistana ciddi problemlər yaradacağı ehtimal olunur. Xaricdən artan təhdidlər və təhlükələr sözün həqiqi mənasında Ermənistanı sarsıda bilər.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Saqatelyan deyib.
Onun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyinin dönəmində regional təhlükəsizlik problemi daha da kəskinləşib:
“Belə desək, inqilabi hökumət Ermənistanı açıq hədəfə çıxardı. Ermənistan regionda geosiyasi maraqları olan qüvvələr üçün asan vurula bilən ova çevrilib. Ölkə daxilindəki qeyri-sabitlik də buna əsas verir. Əlbəttə, hansısa addımları atanda Dağlıq Qarabağ münaqişəsinin qaynar nöqtədə olduğunu görmək lazım idi. Türkiyə və Azərbaycanın blokadasında olan Ermənistanın göstərdiyi müqavimət də yüksək səviyyədə deyil”.
Armen Saqatelyan daxili siyasi çəkişmələrin Ermənistan üçün xoşagəlməz vəziyyətə gətirib çıxardığını istisna etmir.
Təhlükəsizlik üzrə ekspert David Arutyunov da təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistanın imkanlarının mübahisəli olduğu qənaətindədir. Onun fikrincə, Ermənistanın çıxılmaz vəziyyətdə qalmasına ən mühüm təsir faktoru daxildəki qeyri-sabitliyin ciddi hal almasıdır: “Xüsusilə bu ilin yaz aylarında baş verən daxili proseslər vəziyyətə mənfi təsir etdi. Daxili böhranın dinc yolla həll edilməsi imkanları da olduqca məhduddur”.
Arutyunov hesab edir ki, xarici təhdidlər qarşısında qalan Ermənistanın təhlükəsizliyinin yeganə qarantı yenə Rusiyadır.
Lakin onun fikrincə, Rusiya ilə münasibətlərin gərginliyi və daxildəki qeyri-sabitlik Ermənistan ordusu və cəmiyyətinin döyüş qabiliyyətinə mənfi təsir göstərir: “Ermənistanda yaranmış qarışıq situasiyanın səbəbi daxili böhranla əlaqədar da deyil. Azərbaycanın prosesdə müstəqil tərəf kimi çıxış etməsi də, vəziyyəti gərginləşdirən və İrəvanın əsəblərini tarım çəkən əsas faktorlardan biridir”.
David Arutyunov Ermənistanın Azərbaycanla müqayisədə müstəqil tərəf kimi çıxış etmək imkanının olmadığına diqqət çəkir.
Lakin ekspert daxili proseslərin Ermənistanın təhlükəsizliyinə mənfi təsirini istisna etmir: “Bu cür ssenarilər iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxara bilər ki, bu da öz növbəsində Ermənistan Silahlı Qüvvələrinə ayrılan maliyyə dəstəyinin azalmasına səbəb ola bilər. Bundan əlavə, siyasi böhranın hansısa mərhələsində Silahlı Qüvvələrin daxili siyasi proseslərə cəlb edilməsi doğru deyil, bu, onların döyüş imkanlarına mənfi təsir göstərə bilər ".