ABŞ Gürcüstana “Aylend” tipli iki patrul gəmisi verib.
Teleqraf.com xəbər verir ki, gəmilərin Gürcüstana təhvil verilməsi mərasimi Qara dənizin Poti limanında baş tutub.
Mərasimdə iştirak edən ABŞ-ın Gürcüstandakı səfiri Elizabet Ruud bildirib ki, yeni gəmilər Gürcüstanın Qara dənizdəki birgə dəniz təlimlərdə NATO-nun etibarlı tərəfdaşı olmasına kömək edəcək.
Xanım diplomat Gürcüstana qonşuluqdan təhdidin olduğunu bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni nəzarətin də bu ölkəyə əlavə problemlər yaratdığını diqqətə çatdırıb: “Buna görə də, ABŞ Gürcüstanın Sahil Mühafizə Xidmətini gücləndirmək üçün səylərini davam etdirəcək”.
ABŞ Sahil Mühafizə Xidməti “Dioscuria” və “Ochamchire” adlı gəmiləri xidmətə hazırlamaq üçün Gürcüstana iki hərbi mütəxəssis qrupu göndərib.