23 Oktyabr 2018 10:50
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il müstəqillik referendumundan sonra Şimali İraq Regional Muxtariyyətinin rəhbəri vəzifəsindən istefa verməyə məcbur olan Məsud Bərzani böyük siyasətə qayıdış qərarı verib.

Teleqraf.com xəbər verir ki, kürd muxtariyyətinin lideri həm İraq, həm də muxtariyyətdə keçirilən seçkilərdə önəmli siyasi aktyorlardan olacaq.

Şimali İraq Regional Muxtariyyətində sentyabrda keçirilən seçkilərdə Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokratik Partiyası (KDP) lider kimi önə çıxıb. Muxtariyyət parlamentində 111 yerdən 45-ni əldə edib.

Beləliklə, rəqib Kürdüstan Yurdsevərlər Partiyasının dəstəyini almadan hökumət qurmaq imkanı yaranıb. Bunun üçün 11 deputatı olan türkmən, xristian və ermənilərin dəstəyi kifayət edir.

Kürdüstan Yurdsevərlər Partiyası muxtariyyət seçkilərində cəmi 21 deputat mandatı qazanıb. Dəyişim Hərəkatı isə 12 mandat əldə edib.

Əlavə edək ki, may ayında İraq parlamentinə keçirilən seçkilərdə də Bərzaniyə yaxın namizədlərdən 25-i deputat seçilə bilib.

“Bərzani kürd siyasətinin mərkəzi fiquru olur. Bağdadda onsuz addım atmaq çətin olacaq”,- bunu Paris Sosial Elmlər Araşdırma Mərkəzinin mütəxəssisi Adil Bakavan deyib.

Onun fikrincə, Bərzani yeni qurulacaq İraq hökumətində baş nazirin müavini, xarici işlər naziri və maliyyə naziri kimi vəzifələri tələb edə bilər: “Kürd muxtariyyətində keçirdiyi referendumla qumardan uduzmuş kimi çıxan Bərzani may ayında keçirilən seçkilərdə kifayət qədər güclənə bilib”.


Müəllif: Cavad

Oxşar xəbərlər