Gürcüstanda keçiriləcək prezident seçkilərində xanım namizəd Salome Zurabişvilinin qələbə qazanacağına inanıram.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentindəki Gürcü Arzusu Fraksiyasının azərbaycanlı deputatı Ruslan Hacıyev deyib.
Deputat Zurabişvilinin Gürcüstan prezidenti seçiləcəyinin indidən dəqiqləşdiyini bildirib:
“Mən Salome xanımın seçkilərdə qələbəsinə əminəm. Görünən budur ki, Gürcüstandakı fəal elektoratın əksər hissəsinin müstəqil namizəd Salome Zurabişviliyə simpatiyası var. İqtidar partiyası olan Gürcü Arzusu da Salome xanımı dəstəkləyir. Bu mövqe partiyanın lideri Bidzina İvanişvilinin rəsmi açıqlamasında sonra daha da möhkəmlənib.
Gürcüstan demokratik ölkədir, burada seçkilərin taleyini xalqın səsverməsi həll edir. Hesab edirəm ki, Salome Zurabişvili Gürcüstanın yeni tarixində ilk qadın dövlət başçısı olacaq”.
Qeyd edək ki, Gürcüstanda növbəti prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.