Türkiyədə bələdiyyə seçkiləri 2019-cu ilin mart ayından keçiriləcək. Müşahidələr deməyə əsas verir ki, bu seçkilər ciddi prosesə çevriləcək. Türkiyədə bələdiyyələrin geniş səlahiyyətləri var. Əsas rəqabət 39 böyük şəhər bələdiyyəsi uğrunda olacaq.
Bu fikirləri Teleqraf.com-a Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkiləri və bunun siyasi proseslərə təsiri imkanları haqqında danışan Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.
Onun sözlərinə bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası böyük uğur əldə etməyəcək:
“Türk dərin dövləti və demokratiya tərəfdarı olanlar bu seçkilərdə Rəcəb Təyyub Ərdoğana istədiyi gücü verməyəcək. FETO çevriliş cəhdindən sonra dərin dövlətin Ərdoğana verdiyi hər cür dəstək, Prezident Ərdoğanın Türkiyənin dünyaya güc kimi çıxarması üçün addımları, Ankaranın regionda oynadığı böyük rol var. Odur ki, indi dərin dövlət Ərdoğanın ölkə daxilində bələdiyyələrlə məşğul olmasını arzu etmir. Məhz bu səbəbdən də Millətçi Hərəkat Partiyası (MHP) bir qədər fərqli mövqe tutacaq. Bir müddət əvvəl and məsələsini ortaya çıxarıldı. 5 il əvvəl and problemi ilə bağlı məhkəmə işi olub. Qeyd edim ki, əvvəllər türk şagirdlər məktəbə daxil olanda türk andını oxuyurdu. Sonradan bu and ləğv edildi. Təhsil işçilərinin həmkarları təşkilatı məsələni qaldırdı və Ali Məhkəmədə uddu. Beləcə and yenidən məktəblərdə tətbiq olunmağa başladı. AKP-dən isə buna qarşı çıxdılar. Daha sonra əfv məsələsi ortaya çıxdı. Beləcə MHP ilə AKP-nin yolları ayrılmış kimi görünür. Hətta MHP Ankara şəhər bələdiyyə sədrliyinə namizəd kimi Məlik Göyçəyin namizədliyini irəli sürə biləcəyini bəyan etdi.
Məlik Göyçək AKP-yə yaxın simadır və uzun müddət Ankarada bələdiyyə sədri olub. CHP isə İstanbul bələdiyyə başqanlığına namizəd kimi AKP-nin qurucularından olan Əbdül Lətif Şenelin namizədliyini irəli sürəcək. Bu o deməkdir ki, seçkilər daha ağır, daha gərgin keçəcək və AKP-nin səslərində parçalanma baş verəcək. Bununla da, dərin dövlət prezidentin bələdiyyələrlə məşğul olmasının qarşısını kəsəcək. Yəni dövlətin işləri çoxdur, prezident hakim mütləqdir və dövlət məsələləri, dünya və regional siyasətlə məşğul olmalıdır. Yerli məsələlərlə siyasi partiyalar, mütəxəssislər məşğul olmalıdır. Görünən budur. Nəzərə almaq lazımdır ki, adətən Türkiyədə yerli seçkilərdə iştirak edən, xalqın xidmətində duran şəxslər sonradan əsas hədəf kimi parlament və prezident seçkilərində iştiraka meyl edir. Bələdiyyə seçkiləri Türkiyənin demokratik baxımından imicini gücləndirəcək”.