Nikol Paşinyanın dörd övladının heç biri Ermənistanın apostol kilsəsində xaç suyuna salınmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “İrates” qəzeti məlumat yayıb. Qəzet N.Paşinyanın böyük övladı Aşotun Ermənistan ordusunda hərbi xidmət keçdiyini xatırladıb və bəziləri onun xaç suyuna salınmamasını mümkünsüz hesab edirlər. “Necə ola bilər ki, xaç suyuna salınmamış şəkildə hərbi xidmətə getsin?” – deyə sual olunur.
Ermənistan mətbuatı bu faktı parlamentin deputatı, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın qardaşı vasitəsi ilə dəqiqləşdirmək istəyib. O, bacısı uşaqlarının xaç suyuna salındıqlarını deyib, lakin bir neçə saatdan sonra özü məsələni dəqiqləşdirərək mətbuat üzvlərinə yaxınlaşıb və uşaqların xaç suyuna salınmadıqlarını bildirib. Nəyə və hansı səbəblərə görə isə bilmədiyini deyib.
Qəzet qeyd edir ki, xristian dini adət-ənənələrinə görə, yeni anadan olmuş uşaqlar kilsəyə aparılaraq, orada keşişin iştirakı ilə müqəddəs xaç suyuna salınırlar. Məhz bundan sonra həmin uşaq əsl xristian kimi tanınır. “Xüsusilə, Ermənistanın Apostol Kilsəsi bu məsələyə həssaslıqla yanaşır və nəzərə alsaq ki, son vaxtlar Paşinyan hakimiyyəti ilə Eçmiədzin arasında soyuq münasibətlər yaranıb, bu zaman onun barəsində irəli sürülən iddialar da həqiqəti əks etdirmiş olur”, – deyə yazıda bildirilir.
Onu da bildirək ki, ictimai-siyasi arenada uzun müddətdir gedən söz-söhbətlər artıq sosial şəbəkələrin Ermənistan seqmentində də fəal müzakirə obyektinə çevrilib. Ermənistan ictimai fikrində N.Paşinyanın ateist olduğu barədə çoxsaylı fikirlər səslənir və bu iddia onun eynicinslilərin evliliyi, homoseksual və lesbianlara azadlıqların verilməsi, həmçinin, kilsə nikahına qarşı çıxması ilə də əlaqələndirilir.
N.Paşinyanın Aşot, Məryəm, Şuşan və Arpine adlı 4 övladı var.