Beynəlxalq Polis Təşkilatının (İnterpol) yeni rəhbərinin Cənubi Koreya təmsilçisi Kim Çen Yanın seçilməsi, Rusiya Prezidenti Vladimir Putinin etirazına səbəb olub. Putin Dubayda (BƏƏ) keçirilən səsvermənin nəticəsini ironoya ilə qarşılayıb.
Teleqraf.com xəbər verir ki, Rusiya KİV səsvermədə rəsmi Moskva tərəfindən irəli sürülən namizədin görməzdən gəlindiyini yazır.
İnterpola Rusiyadan olan bir şəxsin rəhbərlik etməsinin isti qarşılanmaması, Rusiya və Qərb arasında yeni qarşıdurma məsələsinə çevrilib. Daxili işlər nazirinin keçmiş sözçüsü Aleksandr Prokopçukun namizədliyi Vaşinqton və Avropanın narahatlığına səbəb olub. Çünki Prokopçuk Qərbdə Rusiya müxalifətinə qarşı radikal mövqedə dayanmış şəxs kimi qəbul edilir. Buna görə də ABŞ Moskvanın planının qarşısını almaq üçün Koreya təmsilçisinin namizədliyini dəstəklədi.
ABŞ Dövlət katibi Mayk Pompeo da səsvermədən əvvəl dünya ölkələrinə səslənərək, dolayı yolla Rusiyanın namizədinə səs verməməyə çağırdı. ABŞ Konqresinin üzvləri də daxil olmaqla, əksər ekspertlər Rusiyanın siyasi xallarını azaltmaq üçün Moskvanın səsvermədə saxta bülletenlərdən istifadə edəcəyini, yəni seçkiyə müdaxilə edəcəyi ehtimalını irəli sürdülər.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makful isə Putini İnterpolu öz siyasi məqsədləri üçün ələ keçirməkdə ittiham edir: “Putin Rusiyanın düşmənlərini təqib etmək üçün fürsət axtarır. Sözün açığı, Putinə sadiq bir komandanın İnterpolu ələ keçirəcəyi ehtimalı məni qorxudur”.
Rusiya KİV qeyd edir ki, Prokopçukun seçilməməsi kənar təzyiqlərin nəticəsində mümkün olub: “Putinin mətbuat katibi Dmitri Peskov da, Kremlin geri çəkilməyəcəyini desə də, Rusiya səsvermənin nəticəsini məcburi də olsa, qəbul etdi”.