Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) jurnalist Camal Qaşıqçının vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmri ilə öldürüldüyü barədə hesabatın etibarlı olmadığını bəyan edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səudiyyənin sabiq kəşfiyyat şefi Turki əl-Faysalın fikrincə, CIA-nın qiymətləndirmələri etibarlılıq və dəqiqlik baxımından heç də ən yüksək standartlara malik deyil.
Onun sözlərinə görə, bununla bağlı çoxlu sayda nümunələr var:
“Bu təşkilat İraqda kimyəvi silah olması barədə hesabat yayaraq 2003-cü ildə bu ölkədə müharibəyə səbəb oldu. ABŞ-da CIA-nın niyə mühakimə olunmadığı maraqlıdır. İstanbuldakı konsulluqda kimin nə etdiyi, kimin təqsirli olub-olmadığı ilə bağlı hesabatlarına münasibətim budur”.