Gürcü qanuni oğru, mafiya lideri Mindia Goradze Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Teleqraf.com xəbər verir ki, qanuni oğru Trabzonda müalicə üçün getdiyi özəl klinikalardan birində saxlanılıb.
Qeyd olunur ki, qanuni oğru cinayətkar şəbəkəsi qurması səbəbindən İnterpol tərəfindən qırımızı xəttələ axtarılırdı.
Polis onu birinci dəfə 2018-ci il oktyabrın 25-də həbs edib.
Həbsdən sonra hüquqi prosedurlara uyğun olaraq, Gürcüstan hökuməti qanuni oğrunu 40 gün müddətdə təslim almalı olsa da, bu, baş verməyib. Bu səbəbdən də I Ağır Cinayətlər Məhkəməsi qanuni oğru haqqında yenidən qərar çıxarmalı olub. Məhkəmə müəyyən olunan müddət içərisində Mindia Goradzenin vətəndaşı olduğu ölkə tərəfindən təslim alınmadığını əsas gətirərək, nəzarət altında olmaq şərti ilə onu azadlığa buraxıb.
Yaşadığı ünvanı məhkəməyə bildirdikdən sonra sərbəst buraxılan qanuni oğrunun ünvanı səhv verdiyi ortaya çıxıb. Məlum olub ki, cinayətkarın verdiyi ünvanla onun yaşadığı ünvan fərqlidir. Bu səbəbdən də ötən gün mafiya lideri yenidən saxlanılaraq, məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qərarı verilib.
Lakin qanuni oğrunun vəkilləri həbs qərarına etiraz edərək, müştəriləri haqqında verilən qərarın dəyişdirilməsini istəyib. Növbət məhkəmə mafiya liderinin yenidən azadlığa buraxılması haqqında qərar verib. Beləcə dünən gecə saatlarında qanuni oğru yenidən azadlığa çıxıb.
Qeyd edək ki, Gürcüstanda törətdiyi cinayətlər səbəbindən İnterpol tərəfindən axtarışa verilən mafiya lideri cinayət aləmində “Batumili Lavaşoğlu” ləqəbi ilə tanınır.