Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanı qələbə münasibətilə ona görə təbrik etməyə tələsmir ki, Ermənistanın baş naziri Kreml sahibinin köhnə dostu Robert Köçəryanı həbs edib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin sözlərinə görə, Putin dərhal Paşinyanı təbrik etsəydi, Paşinyanın Köçəryanı həbsinə göz yumması anlamına gələrdi:
“Putin isə yanlış anlaşılmasını istəmir və dostunu həbsdən çıxarmağa çalışacaq. Buna baxmayaraq, Kreml Paşinyanı olduğu kimi qəbul etmək məcburiyyətindədir. Nə vaxta qədər ki, Paşinyan xarici siyasəti korrektə etməyəcək və Rusiyadan uzaqlaşmaq hesabına Qərbə çox yaxınlığa çalışmayacaq, Kreml onu devirmək istəməyəcək.
Hazırda Paşinyanın ölkə daxilində tərəfdarı çoxdur. Paşinyanı güc yolu ilə devirmək Ermənistanda vətəndaş müharibəsinə rəvac vermək deməkdir. Kreml isə bunu istəmir”.
Elxan Şahinoğlu bildirib ki, Köçəryan tərəfdarları etiraz etməyə çalışsalar da, parlament seçkisində 70 faiz səs qazanan Nikol Paşinyanı indiki şərtlər daxilində devirə bilməyəcəklər:
“Robert Köçəryanın reytinqi yüksək deyil ki, xalq Köçəryan tərəfdarlarının arxasınca getsin. Bir neçə günə etiraz azalacaq. Gürcüstanda da belə oldu. Qrirol Vaşadze tərəfdarları Tiflisin mərkəzinə çıxdılar, Salome Zurabişvilinin qələbəsini tanımadılar, eks-prezident Mixail Saakaşvili Hollandiyadan Gürcüstandakı tərəfdarlarına səslənərək inqailaba çağırdı. Bu gün Tiflisdə sakitlikdir. İrəvanda da belə olacaq. Nikol Paşinyan bir neçə ay daxili təhlükədən özünü sığortalaya bilər. Onun problemləri ilin ortasına yaxın artacaq”.
Qeyd edək ki, dekabrın 9-da Ermənistanda keçirilmiş erkən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” bloku qalib gəlib.