30 Yanvar 2019 08:50
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ istifadə edilməsi mümkün olan kiçik həcmli nüvə başlıqları istehsal etməyə başlayıb.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi Agentliyi artıq “Trident” raketləri üçün az güclü nüvə başlıqlarının istehsal edildiyini açıqlayıb.

Agentliyin yaydığı rəsmi aşıqlamada qeyd edilib ki, yeni tipli nüvə başlıqları Texas ştatında yerləşən Pantex Nüvə fabrikində istehsal olunur.

İstehsal Prezident Trampın ötən il nüvə strukturunun gözdən keçirilməsi haqda əmri çərçivəsində həyata keçirilir.

“Qardian” qəzetinə danışan mütəxəssis Stiven Yanq bildirib ki, W76-2 adlı yeni nüvə başlığının dağıdıcı gücü 100 kilotona qədər azaldılır.

“Bu faktiki olaraq Xirosimaya atılan atom bombasının üçdə biri gücündə olur”, - mütəxəssis bildirib.

Tramp hökuməti mövcud olan nüvə silahlarının istifadə edilməyəcək qədər çox olduğunu, az təsirli nüvə başlıqları sayəsində daha çevik hərəkət etməyin, təhlükələrin qarşısını daha asanlıqla almağın mümkün olduğunu düşünür. Bu yanaşmaya görə, nisbətən zəif nüvə başlıqlı raketlər əslində nüvə müharibəsi ehtimalını minimuma endirəcək. Çünki hər hansı bir düşmən ABŞ-a qarşı hücum etmək niyyətinə düşərsə, Vaşinqton hökumətinin az təsirli nüvə başlığı ilə ona zərbə endirə biləcəyindən narahat olacaq.

“Gələcək Tək Dünya” təşkilatından Melisa Hanhan hesab edir ki, ABŞ “Trident” raketi ilə zərbə endirən ana qədər düşmən bu raketin yüksək və ya az təsirli xarakterdə olduğunu bilməyəcək.

Hazırda ABŞ nüvə silahının modernizasiyası üçün yeni proqramın icrasına başlayıb. Lakin bu proqram başladıqdan sonra sənədlərin Konqresdə müxalifətdə olan demokratların əlinə keçməsi bu sahəyə xərclənən vəsaitlərin həcmini çərçivəyə sala bilər.

O da qeyd olunur ki, Donald Tramp ətrafına Reyqan dövründə olan nüvə şahinlərini toplayır. Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton orta mənzilli nüvə silahları haqqında ABŞ-SSRİ razılaşmasının qüvvədən salınmasını istəyir. Karlos Kuppermans isə ehtimal olunan nüvə müharibəsində qələbə əldə ediləcəyini düşünür.

ABŞ-ın sabiq müdafiə naziri Uilyam Perri ötən həftə jurnalistlərlə görüşü zamanı bildirib ki, müharibədə nüvə silahları vasitəsilə qələbə qazanmaq düşüncəsi çox təhlükəlidir:

“Hazırda nüvə silahından istifadə edilməsinin taktiki baxımdan avantajlı olduğuna ABŞ və Rusiyada inananlar var. Bu son dərəcədə təhlükəlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər