Ermənistan Xüsusi İstintaq Komitəsi 2008-ci il martın 1-də İrəvanda baş vermiş hadisələrlə bağlı ölkənin birinci prezidenti Levon Ter-Petrosyanı dindirib.
Teleqraf.com xəbər verir ki, bunu keçmiş prezidentin mətbuat katibi Armen Musinyan deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl həmin hadisələrlə əlaqədar üçüncü prezident Serj Sərkisyan dindirilmişdi. Xüsusi İstintaq Təcridxanasında aparılan dindirilmə 5 saat davam etmişdi.
Bundan əvvəl isə Xüsusi İstintaq Komitəsinin başçısı Sasun Xaçaturyan Serj Sərkisyan da daxil olmaqla, bütün yetkililərin dindiriləcəyini açıqlayıb.
Bura həbs edilmiş ikinci prezident Robert Köçəryanla yanaşı, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş baş nazir müavini Armen Gevorqyan və keçmiş müdafiə naziri Seyran Ohanyan da daxildir.
Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalara odlu silahlardan atəş açılması nəticəsində 10 nəfər həlak olub.