Ermənistan parlamentinin keçmiş vitse-spikeri Arpine Ovannisyan Respublika partiyasından istefa verib.
Teleqraf.com xəbər verir ki, o bu barədə özünün Feysbuk statusunda məlumat yayıb.
Keçmiş vitse-spiker bundan sonra vəkil kimi fəaliyyət göstərəcək: “Bu mərhələdə Respublika Partiyasına üzvlüyümü dayandırmağa qərar verdim. Eşidilmək və ölkədə baş verən hadisələrə reaksiya üçün başqa bir fəaliyyət növü seçdim. Keçən həftə vəkil fəaliyyəti üçün lisenziya aldım. İctimai əhval-ruhiyyədən asılı olmayaraq hüququ pozulan şəxsləri müdafiə etməkdən ötrü qorxmayan vəkillər cəmiyyətinə qoşulacağam”.
O, yeni ictimai təşkilatın əsasını qoyduğunu bildirib: “Hədəfimiz ölkədəki problemlərin həlli və təkliflərin üzə çıxarılması üçün proseslər üzərində nəzarəti artırmaqdır”.
Qeyd edək ki, Respublika Partiyasının sədri sabiq prezident Serj Sərkisyandır.