BMT Baş katibi Antonio Guterriş 11 fevral – “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Günü ilə bağlı video müraciət yayıb.
BMT-nin Bakı ofisindən Teleqraf.com-a daxil olan müraciətdə qeyd olunur ki, elm, texnologiya, mühəndislik və riyaziyyatda bacarıqlar yeniliyə təkandır və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çox əhəmiyyətlidir.
Bütün bu sahələrdə qadın və qızların iştirakı vacibdir. Buna baxmayaraq, təəssüf ki, onlar hələ də lazımi səviyyədə təmsil olunmurlar.
Gender stereotipləri, görünən nümunələrin olmaması, əlverişsiz və bəzən qərəzli siyasətlər, mühitlər onları bu peşələrdən çəkindirə bilir.
Dünya bu gün əhalisinin yarısının verəcəyi töhfələrdən özünü məhrum edə bilməz.
Bu maneələri aradan qaldırmaq üçün birgə səylərə ehtiyac var.
Qızların bacarıqları haqqındakı yanlış fikirləri aradan qaldırmalıyıq.
Xüsusilə, kənd yerlərində qadınlar və qızlar üçün öyrənmə imkanlarını təşviq etməliyik.
İş yeri mədəniyyətini dəyişdirmək üçün daha çox işlər görməliyik ki, alim, mühəndis və riyaziyyatçı olmaq arzusunda olan qızlar bu sahələrdə uğurlu karyera qura bilsinlər.
Gəlin, bütün qızların öz arzularını reallaşdırmaq, potensialını doğrultmaq və hər kəs üçün dayanıqlı gələcəyə töhfə vermək imkanına malik olmasını təmin edək.