ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələn həftə keçirilməsi planlaşdırılan ikinci Şimali Koreya Sammiti ərəfəsində Yaponiya və Cənubi Koreyadan olan həmkarları ilə müzakirələr aparacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə NHK telekanalı ABŞ-dakı və Cənubi Koreyadakı rəsmi mənbələrə əsasən bu barədə məlumat yayıb.
Con Boltonun bu gün Cənubi Koreyanın Pusan şəhərinə səfər edəcəyi bildirilir. O, burada Yaponiya Milli Təhlükəsizlik Katibliyinin rəhbəri Syotaro Yaçi və Cənubi Koreyanın Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çon Iy Yon ilə görüşəcək.
Görüşdə tərəflərin gözlənilən sammit ərəfəsində öz mövqeləri ilə əlaqədar sıx qarşılıqlı fəaliyyəti təsdiq edəcəkləri gözlənilir. ABŞ hökumətinin məlumatına görə, Şimali Koreya nüvə silahından tam imtina edəcəyi təqdirdə o, bu ölkəyə iqtisadi yardım etməyə hazırdır. Üç ölkə Şimali Koreyanın nüvə silahından tam imtinası ilə bağlı müzakirələr aparacaq.
Görüşdə, həmçinin S.Yaçinin ABŞ tərəfi ilə Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşları probleminin həlli üçün əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparacağı da bildirilir.