İran məhkəməsində güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin sonuncu dəfə ittihamlarına baxılıb.
Teleqraf.com xəbər verir ki, o bu məqsədlə Ərdəbil həbsxanasından şəhər prokurorluğuna aparılıb.
Fəal prokurorluğa aparıldığı zaman məhbuslara məxsus geyimi geyməkdən imtina edib, o bunun insan haqlarına hörmətsizlik olduğunu bildirib. Həbsxana yetkililəri isə buna cavab olaraq, onu əl-ayaqları qandallı şəkildə nəzərdə tutulan şöbəyə aparıblar.
Azərbaycanlı fəal bundan əvvəlki məhkəmə proseslərində olduğu kimi yenə də özünü Azərbaycan-türk dilində müdafiə edib.
İranın təhlükəsizlik orqanları tərəfindən saxlanmasını qanunsuz hesab edən fəal dindirmə zamanı suallara cavab verməkdən imtina edib.
Məlumata görə, fəalın dosyesi iddianamədə qeyd olunan “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək və milli təhlükəsizliyə qarşı təhdid yaratmaq”, “Qanunsuz qrup yaratmaq” və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik orqanları tərəfindən oğurlanaraq, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Ərdəbil təcrixanasına aparılıb.