Yaponiya hökuməti Şərqi Çin dənizindəki mübahisəli rayonda qazma işlərinə görə Çinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa həmin ərazidə iki ölkə arasında məxsusi iqtisadi zonaların sərhədlərinin hələ dəqiqləşdirilmədiyini bildirib.
“Biz təsdiq edirik ki, Çin Şərqi Çin dənizindəki yeni rayonda göyərtəsində qazma qurğusu olan gəmi vasitəsilə təbii ehtiyatların birtərəfli hasilatına başlayıb. Çinin birtərəfli fəaliyyəti dərin kədər hissi doğurur. Bununla əlaqədar biz etirazımızı bildirmişik”, - baş katib qeyd edib.
Vurğulanıb ki, Çin gəmisi bu dəfə həmin rayonda yerləşən 16 stasionar qazma qurğusu vasitəsilə yeni qazma işlərinə başlayıb.
Qeyd edək ki, Pekin Yaponiya tərəfindən həmin ərazidə müəyyən edilən iqtisadi zonalar arasındakı sərhəddi qəbul etmir və bildirir ki, həmin xətt xeyli şərqdən, təxminən Yaponiyanın Okinava adasının yaxınlığından keçir. Beynəlxalq hüquqa əsasən həmin mübahisə iki ölkə arasında qarşılıqlı razılaşma yolu ilə həll edilməlidir.