Türkiyənin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. ABŞ-a deyirik, bizə hava müdafiə sistemləri verin, NATO ölkəsi olaraq Türkiyəyə gələcək təhdidlərlə bağlı müdafiə qalxanı yaradın. ABŞ isə vermirəm, deyir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi Numan Qurtulmuş deyib.
Numan Qurtulmuşun sözlərinə görə, Türkiyə Rusiyadan belə sistemlər almağa məcburdur: “Bağışla, sən Amerikasan, mən də Türkiyəyəm. Türkiyə özünün müdafiə sisteminə nail olacaq.
F-35-lər mövzusu isə əldə edilən razılaşmanın bir hissəsidir. Türk pilotlarla bu layihə çərçivəsində kurslar keçilir. Bu məsələnin üzərindən siyasi böhran çıxarmağa çalışmasınlar”.
Numan Qurtumuş qeyd edib ki, Türkiyə yerləşdiyi coğrafiyada böyük təhdidlərlə üz-üzə qalan ölkə kimi özünün müdafiə sənayesini inkişaf etdirmək əzmindədir. Onun sözlərinə görə, Türkiyə müdafiə sistemlərinin 65 faizi türk hərbi-sənayesinin payına düşür: “5-10 il ərzində bu rəqəm 80 faizə çıxacaq. Onların narahat olduqları məqam budur. Türkiyə öz ayaqları üzərində dura bilən və öz hədəflərini görən ölkədir”.
Xatırladaq ki, ötən gün ABŞ Senatına Türkiyə əleyhinə qanun layihəsi daxil olub. Layihədə Türkiyənin F-35-lərlə bağlı layihədən çıxarılması da nəzərdə tutulur.
Bundan başqa, ABŞ rəsmiləri “Röyter” agentliyinə bildiriblər ki, əgər Ankara Rusiyadan almaq istədiyi S-400 komplekslərindən imtina etməsə Türkiyəyə F-35-lər verilməyəcək.