Türkmənistanın Ankaradakı səfirliyi bu ölkənin universitetlərində təhsil alan türkmən tələbələrlə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Xronika Türkmənistan” məlumat yayıb.
Görüşdə Türkiyənin müxtəlif universitetlərində təhsil alan 45 tələbə – 30 oğlan, 15 qız iştirak edib. Türkmənistanın baş konsulu Mırat Akmammedov və Guvanç adlı bir səfirlik əməkdaşı görüşdə iştirak edən tələbələri öz hesablarına təhsil alan digər tələbə yoldaşlarının davranışlarını müşahidə etməyə çağırıblar.
Tələbələrdən yoldaşlarının asudə vaxtlarını necə keçirmələrinə, dostları ilə nə söhbət etdiklərinə, siyasətlə maraqlanıb-maraqlanmadıqlarına, hansısa qrupda olub-olmadıqlarına, sosial şəbəkələrdə qeydiyyatdan keçib-keçmədiklərinə diqqət yetirmək tapşırılıb.
Onlar xahiş ediblər ki, kimlərin Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovun siyasətinə və “Türkmənistanın çiçəklənməsinə qarşı” olub-olmadıqlarına xüsusi diqqət yetirsinlər. Mühüm məlumatların çatdırılmasına görə tələbələrə 100 dollar və fəxri fərman söz verilib.
Bundan əlavə, tələbə-casusların sayının gələcəkdə 300-dək artırılmasının planlaşdırıldığı elan olunub. Bu işə yeni şəxslər cəlb edənlərə təqaüdlərinə 80-100 dollar əlavə ediləcəyi söz verilib.
Türkiyə Miqrasiya Xidmətinin məlumatına görə, 2016-2017-ci tədris ilində ölkədə 10 min 642 Türkmənistan vətəndaşı təhsil alıb. Türkmənistan Türkiyədə təhsil alan xarici tələbələrin sayına görə Azərbaycan və Suriyadan sonra üçüncü yeri tutur.